#Gündəm

“Evsiz-eşiksiz qalmışıq”

Evsizeşiksiz qalmışıq

Evələri sökülən sakinlər nə edəcəklərini bilmirlər…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Surəti Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə

Azərbaycan Respublikasının vətəndaşları Həsənov Rəfail Şərif oğlu, Əsgərov Rəşad Qədiməli oğlu,
Abbasov Cavad Həsənalı oğlu,
Əliyeva Nailə Binnət qızı, Cavadova
Safurə Tofiq qızı, Abbova Aysel Elçin qızı, Əliyev Tofiq Əsmət oğlu və
digərləri tərəfindən

Müraciət

Möhtərəm cənab Prezident!
Biz aşağıda imza edənlər Sizin dövlətimizin başçısı kimi yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik. Prezident seçkilərində hamımız birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləmiş, sizə səs vermişik.
Ali Baş Komandanlığınız altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə sayəsində torpaqlarımzın işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin tam bərpa edilməsi bizi qürurlandırdığı kimi, Qafqazda sülhün bərpa olunması naminə hazırki uğurlu səyləriniz də bizi çox sevindirir. Fəxr edirik ki, Siz bizim gözümüzdə böyüdükcə böyüyür, bütün regionun, dünyanın liderinə çevrilirsiniz. Rəhbərliyinizin ötən hər günü Azərbaycan vətəndaşının qəlbinə səpdiyiniz xatircəmlik toxumu daha bir boy cücərir, əminliyimiz daha da möhkəmlənir ki, dünya miqyasında öhdəsindən gələ bildiyiniz bunca işlərin fonunda, ölkəmiz daxilində həll edə bilməyəcəyiniz problem yoxdur. Biz də ümid edirik ki, yüksək diqqətinizə çatdırmaq istədiyimiz ciddi problemimizin müsbət həllinə göstəriş verəcəksiniz.
Möhtərəm cənab Prezident !
Bizlər cəmiyyətin təminatlı olmayan zümrəsinin mənsublayırıq. Bir çoxumuz illər öncə Azərbaycanın müxtəlif bölgələrindən paytaxta təhsil, iş dalınca gəlmişik. Kirayələrdən qurtulmaq üçün Bakı şəhərində torpaq sahəsi almağın, ev tikməyin nisbətən ucuz başa gəldiyi, yaşamaq üçün heç də qənaətbəxş sayılmayan yerlərdə məskunlaşmışıq. Konkret olaraq, Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində dəmiryol ərazisində halal zəhmətləri hesabına qazandıqları pulla özlərinə sığınacaqlar tikmiş, bu günlərdə evləri başlarına uçurulan 174 ailədən söhbət gedir. Vaxtilə əraziyə nəzarət edən səlahiyyətli qurumların vəzifəli şəxsləri təmənna qarşılığında bizim özümüzə yurd salmaq cəhdlərimizə göz yumublar. Bizə kommunal xidmətlərdən istifadə etməyimiz üçün yenə də təmənna qarşılığında şərait yaradılıb, adlarımız qaz, elektrik, su, internet istehlak edən abonent kimi qeydiyyata alınıb. Bir ay əvvəl səlahiyyətli qurumların nümayəndələri gəlib elan etdilər ki, tikdiyiniz evlər qanunsuz olduğu üçün söküləcək. Əvvəlcə evlərin ümumi və yaşayış sahələrini ölçdülər və ümid verdilər ki, qarşılığında dövlət sizə kompensasiya verəcək. Xəbərdarlıq edib təcili başqa yerə köçməyimiz üçün vaxt qoydular. Sonra da həmin vaxt başa çatar-çatmaz, gəlib buldozerlərlə evlərimizi uçurdular.
Cənab Prezident, biz həmdərdlilərin bəzilərinin harayına diqqət kəsilməyinizi xahiş edirik.
Əsgərov Rəşad Qədiməli oğlu: “2000-ci ildən Montin qəsəbəsində iki dəmiryol xətti arasında yerləşən ərazidə torpaq sahəsi almışıq. Anamla orda yaşayırdıq. 2025-ci il iyun ayının 20-də Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, qeydiyyatda olduğum Yeddioymaq kənd icra nümayəndəsi və bələdiyyə sədri zəng vurub məni çağırdılar. Dedilər ki, Bakıda qanunsuz evin var, sökməlisən. Dedim axı, bəs mən 25 ildi orda yaşayıram, özüm, həyat yoldaşım şəhərdə işləyirik, necə olacaq. Qısası, əlaqədar qurumların işçiləri gəlib evimizi sökdülər. İki azyaşlı uşağım dağıntı altında qalmasın deyə, evdən çıxmağa məcbur olduq. Qarşılığında heç bir təklif eləmədilər. Onu da qeyd edim ki, ürək çatışmazlığından əziyyət çəkən 73 yaşlı anam üçün kəndimizin rütubətli havası əlverişli deyil, həkimlər paytaxtın havasını tövsiyə ediblər ”.
1984-cü il təvəllüdlü Əliyeva Nailə Binnət qızı: “Mən, həyat yoldaşım və 2 uşaqla birgə 12 il yaşadığımlız evdən küçəyə atılmışıq. Cənab Prezidentdən, Vitse-Prezidentdən kömək istəyirəm”.

1956-cı il təvəllüdlü Həsənov Rəfail Şərif oğlu: “1990-cı ildə bu ərazidə 124 kvadrat metr sahəni əhatə edən ikimərtəbəli böyük kürsülü ev tikmişəm. Xaraba qoydular. Yaşamağa yerimiz yoxdu. Çarəsiz qalmışıq.”
1988-ci il təvəllüdlü Abbasov Cavad Həsənalı oğlu: “9 il əvvəl adıçəkilən ərazidə mən də torpaq alıb ev tikmişəm.

Yaşamaq üçün müəyyən şərait yaratmışdım. Nə biləydim ki, bir gün başıma belə bir iş gələcək. Gəlib qapıları nömrələdilər. Sonra sahələri ölçdülər. Köçməyimiz üçün çox qısa bir vaxt verdilər. Heç əşyalarımızı çıxarmağa imkan belə tapmamış, gəlib evimizi söküb tökdülər. İndi 7 nəfərlik ailəmizlə çöldə qalmışıq”.
1995-ci il təvəllüdlü Abbasova Aysel Elçin qızı: “8 il qabaq əzab-əziyyələ ev tikmişdim. Qəpik-qəpik yığıb pis-yaxşı şərait yaratmışdım. Altını üstünə çevirdilər”.
Əliyev Tofiq Əsmət oğlu: “2006-cı ildə Türkmənistandan Vətənə qayıtdım. 2007-ci ildə buradan torpaq aldım. Dəmiryol polisi gəlib məndən pul aldı, əmin etdilər ki, rahat yaşaya bilərsiniz. 2011-ci ildə 2500 manat pul ödəyib işıq, 2500 manat verib qaz çəkdirmişəm. Daha sonra kanalizasiya çəkdilər. Nə biləydim ki, belə olacaq? Belə idisə, niyə əvvəldən bizə bu evləri tikməyə icazə verirdilər? Axı, biz illərlə qazandığımızı bu evlərin inşasına, şəraitinə sərf etmişik.
Heç sökmə məsələsi yox idi axı. Birdən birə bu qərara gəldilər. Hətta sakinlərin rahatlığı və təhlükəsizliyi üçün dəmir yolunun üzərindən körpü də salmışdılar. Relsləri də hasarla əhatələmişdilər ki, uşaqları qorxmadan məktəbə, yaxud oynamağa buraxa bilək. İndi 67 yaşlı özüm və bizimlə yaşayan qızım 3 uşağı ilə birgə küçədə qalmışıq”.

Cənab Prezident, bu tarixçələrdən görünür ki, bizlər məhz kasıbçılığımız ucbatından belə uyğunsuz yerlərdə məskunlaşıb yurd salmışıq. Həmin evlər bizim yeganə sığınacaqlarımız idi, əlavə heç yerdə evimiz yoxdur ki, köçə bilək. Onilliklər öncə bizi arxayın salan məmurlar hazırda vəzifədə deyillər ki, onlardan hesab soraq. Odur ki, ümidimiz yalnız Sizədir. Xahiş edirik, bizə heç olmasa ehtiyacımızı qismən qarşılayacaq məbləğdə kompensasiya verilsin ki, özümüzə bir daxma qaralayıb içinə girə bilək. gərə bilək valideyn gələcəyin əsgərlərini salamat böyüdüb ərsəyə çatdıra bilək. Axı, Vətən doğma evin divarlarından başlayır. O divarlar uçurulursa, demək ki, öz Vətənimizdə Vətənsiz qalmışıq…

“Evsiz-eşiksiz qalmışıq”

“Evsiz-eşiksiz qalmışıq”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir